2022-12-12

Kişinevda Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Ulu Öndərin Səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Səfirliyin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, Kişineu şəhərində yaşayan həmvətənlərimiz, eləcə də, burada təhsil alan tələbələr iştirak ediblər.

İlk növbədə, MAK-ın sədri  Elçin Bayramov çıxış edərək, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rolundan danışıb. Eləcə də, Elçin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən növbəti ilin “Heydər Əliyev İli” elan olunduğunu qeyd edib.

Tədbirdə diasporun aktiv üzvü, şair Yasin Seyidov  müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötməsinə baxmayaraq, Azərbaycan xalqının Ulu Öndərin misilsiz xidmətlərini hər an yüksək qiymətləndirdiyini,  həmçinin onun əziz xatirəsini uca tutduğu və minnətdarlıqla andığını bildirib.

Daha sonra Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin birinci katibi İlqar Fərəcov çıxışında, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, hakimiyyətinin birinci və ikinci dövründə gördüyü işlərdən, həmçinin misilsiz xidmətlərindən bəhs edib.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb. Həmçinin Moldova mətbuatında Ulu öndərin həyat və fəalliyəti ilə bağlı silsilə məqalələr dərc olunub.

Qeyd edək ki, Azərbaycanın Moldovadakı Səfirliyinin önündəki bağçada rəsmi açılışı 2023-cü ildə planlaşdırılan Ulu öndərin büst-heykəli ucaldılıb. Həmçinin sözü gedən bağçada 2020-ci ildə Həydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” müdrik kəlamı əks olunan barelyef quraşdırılıb.

Arxiv üzrə axtarış