Moldovada Azərbaycanın Müstəqilliyinin Bərpası günü qeyd edilib
Oktyabrın 18-də Azərbaycanın Moldovadakı səfirliyinin önündəki Qələbə bağında 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büst-heykəli önünə gül dəstələri düzüblər.
Sonra Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov iştirakçılar qarşısında çıxış edib. O, tədbirin qonaqlarına müstəqilliyin ilk illərində erməni aqressorları tərəfindən etnik təmizləməyə məruz qalmış Azərbaycan xalqının keçdiyi ağır sınaqlarından, Azərbaycan torpaqlarının işğalından, Azərbaycan dövlətinin xilası və müasir Azərbaycanın inkişafında Heydər Əliyevin əvəzsiz rolundan danışıb. Diplomat Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq bərpası məsələsinə də toxunub. O, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın hazırda dünya birliyinin ən nüfuzlu üzvlərindən biri, regionun lider dövləti, sabit iqtisadiyyatı, güclü orduya malik ölkə olduğunu vurğulayıb.
Tədbirdə həmçinin Moldova parlamentinin deputatı, Azərbaycan və Moldova parlamentlərarası dostluq qrupunun həmsədri Vitaly Jakot çıxış edib. O, öz müstəqilliyi uğrunda mübarizə aparan və regionun ən güclü dövlətlərindən birini qurmağa qadir olan Azərbaycan xalqının gücü və iradəsindən söz açıb. V.Jakot bu gün Azərbaycanda müşahidə olan tərəqqi və rifahı qeyd edərək, bunun ölkə rəhbərliyinin iradəsinin, qətiyyətinin və böyük əməyinin nəticəsi adlandırıb.
Vətən Müharibəsinin qazisi İlqar Cahangirov çıxışında 44 günlük müharibənin nəticələri və Azərbaycanın ərazi bütövlüyunün bərpasından danışıb. O, qeyd edib ki, Azərbaycan xalqının layiqli övladları ədalətin bərqərar olması uğrunda mübarizə aparıblar. Onlar göstərdikləri mərdlik və şücaət, Azərbaycan Prezidentinin iradəsi və qətiyyəti nəticəsində parlaq qələbə qazana biliblər.
Sonra tədbir iştirakçıları müasir Azərbaycanın inkişafına həsr edilmiş sərgi ilə tanış olublar.