2024-11-08

Moldovada 8 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilib

6 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi 8 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan təntənəli tədbir təşkil edib.

Rəsmi ziyafətdə Moldova Respublikasının Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri, Moldovada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, ictimai fəalları və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan və Moldovanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Bayram  tədbirinin rəsmi hissəsində Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev çıxış edib. Səfir xalqımızı və dünya azərbaycanlılarını əzəmətli bayram münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimiz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Səfir daha sonra tədbir iştirakçılarını Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən geniş bərpa-quruculuq işləri barədə məlumatlandırıb.

Ülvi Baxşəliyev daha sonra Dövlət Bayrağı Gününün yaradılması tarixi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də yenidən ucaldıldığını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün hər il 9 noyabrda qeyd edilməsinə dair 17 noyabr 2009-cu il tarixli Sərəncamı barədə məlumat verib.

Səfir öz çıxışında cari ilin dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un gələn həftə Azərbaycanda keçiriləcəyini vurğulayaraq bu tədbirdə 80-dən çox dövlət və hökumət başçılarının iştirakının nəzərdə tutulduğunu  söyləyib və Azərbaycan Respublikasının iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələrin sırasında olduğunu qeyd edib.

Qonaqlar daha sonra Vətən Müharibəsində şanlı qələbəmizə həsr olunmuş videoçarxla tanış olublar.

Ziyafət iştirakçılarına Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

Tədbir Moldova ictimaiyyətində böyük marağa səbəb olub.

Arxiv üzrə axtarış