Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları 

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları 

Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.

Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər 

Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:

1) Azərbaycan Respublikası vətəndaşı barədə — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı;

2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə;

3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə;

4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.

Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.

Qeyd: Bu maddənin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş fərdi identifikasiya kartları verilənədək 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış təsdiq edir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan həmin arayış 15 yaşı tamam olmamış vətəndaşın qanuni nümayəndəsi bu Qanunun 5-ci maddəsinin dördüncü hissəsində göstərilən sənədlərlə müraciət etdikdə verilir.

Maddə 4. Qeydiyyata almanın məhdudlaşdırılması əsasları 

Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.


Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması 

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);

2) doğum haqqında şəhadətnamə;

3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.


Maddə 6. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması 

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq dövlət orqanına müraciət edərək əcnəbinin qeyd vərəqəsinin II hissəsini, öz pasportunu, immiqrant statusunu təsdiq edən sənədi, giriş icazəsini (vizasını), yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə qeydiyyata alınma haqqında vəsiqə verilir.

Həmin vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

1) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün — vizada göstərilən ölkədə qalma müddətinə;

2) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün — 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə — qərarda göstərilmiş müddətə;

3) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə — icazədə göstərilmiş müddətə.

Maddə 7. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması 

Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində öz əksini tapır.

Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi 

Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir:

1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;

2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;

3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması 

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;

7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda—müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikə, o, şəxsiyyət vəsiqəsini saxlanması üçün müvafiq dövlət orqanına təhvil verməlidir.

Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı 

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərinin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 11. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması 

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Maddə 12. Vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyatı 

Azərbaycan Respublikası ərazisində 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan şəxs bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qaydada olduğu yer üzrə qeydiyyata alınır və qeydiyyatdan çıxarılır.

Maddə 13. Qeydiyyatla bağlı şikayət verilməsi 

Qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Maddə 14. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət 

Bu Qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 15. Yekun müddəaları 

Bu Qanunun yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar müddəalarının tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz.

Bu Qanun 1997-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 aprel 1996-cı il

№ 55-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 sentyabr 1996-cı il, № 182).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 88).

05 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli 195-IIQ nömrəli; 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli; 26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli; 21 aprel 2006-cı il tarixli, 100-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli; 6 noyabr 2007-ci il tarixli, 480-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 658-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 858-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli; 5 mart 2013-cü il tarixli, 582-IVQD nömrəli; 19 aprel 2013-cü il tarixli, 621-IVQD nömrəli (2017-ci il yanvarın 1-dən qüvvəyə minir); 17 oktyabr 2014-cü il tarixli, 1056-IVQD nömrəli; 3 aprel 2015-ci il tarixli, 1253-IVQD nömrəli; 29 dekabr 2015-ci il tarixli, 89-VQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

 

Arxiv üzrə axtarış