Moldovada “Gəncə - 2016-cı il Avropa gənclər paytaxtıdır” layihəsinin təqdimat mərasimi keçirildi.
Cari ilin 18 sentyabr tarixində Moldova Respublikasının paytaxtı Kişineuda ənənəvi 15-ci Etnomədəni festival keçirilmişdir.
“Fərqlilikdən – birliyə” şüarı altında keçirilmiş bu festivalın əsas məqsədi Moldovada yaşayan müxtəlif xalqların mədəniyyəti, tarixi haqqında məlumatlar verilməsi, mədəniyyətlər arası dialoq və dostluğun möhkəmləndirilməsidir.
Festival Moldovanın milli qəhrəmanı Ştefan çel Marenin abidəsi önünə ölkənin dövlət rəhbərləri, diplomatik missiyaların nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri tərəfindən əklillərin qoyulması ilə başlanmışdır.
Sonra yüksək qonaqlar Moldovanın Mərkəzi parkında təşkil olunmuş 40 yaxın milli sərgiləri ziyarət etdilər.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkil etdiyi “Azərbaycan evi” qonaqların böyük marağına səbəb oldu. Gün ərzində Azərbaycan guşəsini Moldova Respublikası parlamentinin sədr müavini Vladimir Vityuk, Baş nazirin müavini Oktavian Kalmık, Kişineu şəhərinin meri Dorian Kirtoake, Demokrat partiyasının sədri, prezidentliyə namizəd Marian Lupu, Avropa xalq partiyasının sədri, prezidentliyə namizəd Yurie Lyanke, Sosialistlər partiyasının sədri, prezidentliyə namizəd İqor Dodon, digər rəsmi şəxslər, diplomatik missiyaların, ictimaiyyət nümayəndələri ziyarət etmiş, xalqımızın tarixi, mədəniyyəti, müasir nailiyyətləri haqqında geniş məlumat almışdırlar. Onlar xalqımızın musiqisi və rəqsləri ilə tanış olmuşdurlar.
Festival çərçivəsində Azərbaycan Respublikasının Moldova Respublikasında səfirliyi, MAK və Moldovada təhsil alan Azərbaycan Tələbələri cəmiyyətinin fəalları ilə birgə “Gəncə - 2016-cı il Avropa gənclər paytaxtıdır” layihəsinə uyğun olaraq sərgi keçirmiş, bütün qonaqlara bu qədim Azərbaycan şəhərinə həsr edilmiş bukletlər, məlumat materialları, döş nişanlarını və digər materialları təqdim etmişdir.