2017-01-20

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirmişdir.

2017-ci ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyi Moldova Azərbaycanlıları Konqresi ilə birlikdə (MAK) səfirliyin inzibati binasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, Türkiyənin Moldova Respublikasında səfiri Hulusi Kılıç, MAK-ın İdarə Heyəti və üzvləri, Moldovada təhsil alan Azərbaycan tələbələri birliyinin fəalları, Moldova ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.

Mərasimin başlanğıcında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin səfirliyin foyesində qoyulmuş büstünün önünə tər qərənfillər qoyulmuşdur.

Sonra, 20 yanvar qurbanları bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuş və şamlar yandırılmışdır.

Tədbirdə Səfir çıxış edərək, 20 Yanvar faciəsi barədə mərasim iştirakçılarına məlumat vermiş. O, öz çıxışında dövrümüzün dahi müasiri, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində, həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvada Daimi Nümayəndəliyinə gələrək, jurnalistlər üçün mətbuat konfransı keçirməsini qeyd edərək, bu hadisənin tarixi əhəmiyyəti barədə məlumat vermiş, ötən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş bu qanlı hadisənin yalnız Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra öz siyasi qiymətini aldığını bildirərək, Azərbaycanda taleyüklü məsələlərin həllində onun rolunu qeyd etmiş, 20 Yanvar tarixinin əbədi Anım Günü olaraq müstəqil Azərbaycanın tarixinə həkk olunmasında onun rolunu vurğulamışdır.

Daha sonra MAK-ın sədri Vüqar Novruzov, Türkiyənin Moldovada səfiri Hulusi Kılıç, Bakı Beynəlxalq Multikulturalızm Mərkəzinin Moldova üzrə təmsilçisi, İctimai palatanın sədri Aureliya Qriqoriu və digərləri çıxış edərək, faciəli yanvarın sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı apardığı siyasətinin iç üzünün biruzə verildiyini bildirmişdirlər. Onlar sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayəti pisləmiş, Azərbaycan xalqının xoş gələcəyinə inam bildirmişdir.

Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanmışdır.

Arxiv üzrə axtarış