ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr üzrə Mətbuat xidmətinin məlumatı
Cari ilin 02 mart tarixində ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən qarşıdurma xəttində 24-25 fevral tarixlərində Ermənistan tərəfindən törədilmiş təxribat barəsində məlumat verilərək, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı olaraq revanşist bəyanatlar verərək, aprel hadisələri nəticəsində itirilmiş mövqeləri geri almaq barəsində Ermənistan cəmiyyətində gözləntilər formalaşdırmağa yönəlmiş bəyanatlarının praktiki nümunəsi olduğu vurğulanmışdır. Bu xüsusda, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə hərbi təlimlər keçirilməsi, hərbi mövqelərin və infrastrukturun möhkəmləndirilməsi səyləri, silah və hərbi texnikanın həmin ərazilərə qanunsuz ötürülməsi faktları ATƏT iştirakçı dövlətlərinin diqqətinə çatdırılmışdır.
Daimi Nümayəndəlik, Ermənistan tərəfinin hər fürsətdə atəşkəs rejimi ətrafında spekulyasiya etmək, atəşkəsi dar mənada təhrif edilmiş şəkildə təqdim etmək cəhdlərinə cavab olaraq bildirmişdir ki, 1994-cü ilin atəşkəs rejimi BMT TŞ-nin müvafiq qətnamələri və Bişkek Protokoluna əsaslanır. Bu sənədlərdə münaqişə zonasında atəşin dayandırılması birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yerildilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların sürətləndirilməsi kimi məqsədlərlə əlaqələndirilmişdir.
Beləliklə, atəşkəsdən danışılan zaman təkcə mövqelər arasında müxtəlif silahlardan atəşin açılması nəzərdə tutulmamalı, məsələyə qeyd edilən məqsədlər kontekstində kompleks yanaşılmalıdır. Atəşkəsin pozulmasına təkcə tərəflərin bir-birinə atəş açması deyil, həmçinin, işğalın vəziyyətinin möhkəmlənməsinə xidmət edən fəaliyyət, işğal edilmiş ərazilərdə hərbi mövcudluğun möhkəmləndirilməsi, silah və texnikanın qanunsuz ötürülməsi, hərbi təlimlərin keçirilməsi, məcburi köçkünlərin qayıdışına maneə olunması kimi ayrılmaz elementlərin nə dərəcədə əməl edilməsi də aid edilməlidir.
Daimi Nümayəndəlik qeyd edilən istiqamətlər üzrə atəşkəs rejiminin Ermənistan tərəfindən davamlı şəkildə pozulmasının beynəlxalq ictimaiyyət, xüsusilə münaqişənin həlli üzrə vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlər tərəfindən birmənalı şəkildə pislənilməsinin və bu kimi pozuntuların nəticələrinin aradan qaldırlmasının zəruri olduğunu diqqətə çatdırmışdır.
Xüsusilə vurğulanmışdır ki, atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki, Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən “danışıqlar üçün münbit atmosferin yaradılmalı” olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir.
Substantiv danışıqlar olmadan, eləcə də atəşkəsi möhkəmləndirmək məqsədi ilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan və prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz. Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir və qarşıdurma xəttindəki son vəziyyət də bu əlaqənin əyani göstəricisidir.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi ilə bağlı çağırışını, eləcə də BMT Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayır.
İclasda Aİ, o cümlədən Makedoniya, Albaniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovina, İslandiya, Norveç, Gürcüstan, San-Marino adından səsləndirilmiş bəyanatda işğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən keçirilmiş qanunsuz “referenduma” münasibət bildirilmiş, adı çəkilən ölkələrin “referendumun” keçirildiyi hüquqi və konstitusion çərçivəni tanımadığı bəyan edilmişdir. Qeyd edilmişdir ki, “referedum” Dağlıq Qarabağ regionun statusuna və münaqişənin nizama salınması üzrə danışıqlara heç bir təsir edə bilməz.
Türkiyə tərəfi qarşıdurma xəttində baş vermiş təxribatlardan narahatlığını ifadə etmiş, 25 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1/5-nin işğal altında saxlandığını vurğulamışdır. Bildirilmişdir ki, Türkiyə, Minsk Qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün Qrupun səylərinin artırılmasını vacib hesab edir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması səbəbindən Ermənistan regional əməkdaşlıq layihələrindən kənarda qalır. Münaqişəyə son qoyulması regionda yeni əməkdaşlıq imkanlarına, bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün yeni perspektivlərin açılmasına şərait yaradacaqdır.
Ermənistan tərəfinin qarşıdurma xəttindəki təxribatları təhrif etmək, eləcə də işğal edilmiş ərazilərdə keçirilmiş “referenduma” hüquqi don geyindirmək cəhdlərinə cavab olaraq, Azərbaycan Daimi Nümayəndəliyi bir daha vurğulamışdır ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanla həmrəylik nümayiş etdirir və güc yolu ilə ərazi ilhaq etməklə barışmadığını bəyan edir. Son 25 il ərzində Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı əsassız iddialarını reallaşdırmaq üçün bir millimetr belə irəliləyə bilməmişdir. Regiondakı vəziyyətdən də aydın göründüyü kimi, bundan sonra da Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcəkdir.
Ermənistanın hazırkı rəhbərliyinin siyasəti nəticəsində bütün regional əməkdaşlıq platformalarından təcrid olunmuş Ermənistan öz siyasətini yenidən nəzərdən keçirməli, hazırkı vəziyyətin həqiqətən erməni xalqının maraqlarına uyğun olub-olmadığı barəsində ciddi düşünməlidir.
Sonda Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərini, Minsk Qrupunu və onun həmsədrlərini Ermənistanın qarşıdurma xəttində vəziyyəti gərginləşdirən təxribatçı əməllərə son qoyaraq, münaqişənin davamlı həlli istiqamətində substantiv danışıqlara cəlb edilməsi üçün bu ölkə üzərində siyasi diplomatik təzyiqin göstərməyə çağırmışdır.