2017-05-25

Kişineuda Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin 25 illiyi qeyd edilib

Mayın 24-də Moldova Respublikasının Parlamentində Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan fotosərgi və konfrans keçirilib. Tədbir Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən Moldova Parlamenti ilə birgə təşkil olunub.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Moldova Parlamentinin 20-yə yaxın aparıcı deputatı, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəhbərliyi, xarici diplomatlar və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycan və Moldovanın 25 illik münasibətlərinə həsr olunan fotosərgidə ümummilli lideri Heydər Əliyevin Moldovaya səfəri, Prezident İlham Əliyevin 2005 və 2009-cu illərdə bu ölkəyə səfərləri, Moldova rəhbərliyinin Azərbaycana səfərləri və parlamentlərarası ikitərəfli görüşləri əks etdirən fotolar nümayiş olunub. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Konfransda iştirak edən Moldova Parlamentinin vitse-spikeri Vladimir Vityuk çıxışında iştirakçıları bu əlamətdar tarix münasibətilə təbrik edib, Azərbaycan və Moldova arasında münasibətlərinin tarixindən danışıb. O, iki dövlət arasında 250-yə yaxın saziş və konvensiyalar bağlanıldığını qeyd edərək, gələcək əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib. Həmçinin Azərbaycan ilə Moldova parlamentlərarası dostluq qrupunda Moldova tərəfindən 30 nümayəndənin olduğunu bildirən millət vəkili, bunun Moldova tərəfinin Azərbaycana böyük maraq və hörmətlə yanaşdığının göstəricisi kimi qiymətləndirib.

Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olduğunu qeyd edən səfir Qüdsi Osmanov diqqətə çatdırıb ki, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrində Azərbaycan və Moldova beynəlxalq qurumlarda və institutlarda bir mövqedən çıxış edirlər. İki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini vurğulayan səfir, bu ilin sonuna kimi bir çox Moldova rəsmilərinin Azərbaycana səfər edəcəklərini bildirib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirakçıları Azərbaycan parlamenti adından bu əlamətdar tarix münasibətilə ilə təbrik edib. Avronest PA iclasında iştirak etmək üçün Moldovada səfərdə olan millət vəkili Moldova dövləti və xalqı barədə xoş təəssüratları ilə bölüşmüşdür. O qeyd edib ki, Moldova Parlamentində iki ölkə arasındakı münasibətlərin 25 illiyinə həsr olunan tədbirin keçirilməsi gələcək əməkdaşlığa verilən önəmin göstəricisidir. F.Muradov iki dövlətin hərtərəfli əməkdaşlığı üçün böyük imkanların olduğunu vurğulayaraq, bir çox beynəlxalq qurumlarda, o cümlədən GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlığı, Avronest, AŞPA və digər təşkilatlarda Azərbaycan ilə Moldova arasında sıx əlaqələr barədə danışıb. Ölkələrimizin oxşar ərazi problemləri ilə rastlaşdığını qeyd edən deputat, bu münaqişələrin yaxın zamanda həll olunacağını, işğal altında olan ərazilərin bərpasında hər iki ölkənin birgə iştirak edəcəyinə ümid etdiyini bildirib.

Moldova Parlamentinin Dövlət idarəçiliyi və regional inkişaf komitəsinin sədri xanım Violetta İvanov bir çox məsələlərdə iki ölkənin bir birinin təcrübəsinin öyrənilməsinin faydasından danışıb. Deputat iki dövlət arasında bütün səviyyələrdə dialoqun davam etdirilməsi və əlaqələrin fəallaşmasının vacibliyini vurğulayıb.

Moldova parlamentinin İqtisadiyyat, büdcə və maliyyə komitəsinin sədr müavini, deputat Oleq Reydman Moldovanın Azərbaycana böyük maraqla yanaşdığını qeyd edib, qarşılıqlı ticarət dövriyyəsinin artması üçün həm Azərbaycanda, həm də Moldovada turizm imkanlarının istifadəsinin vacibliyini bildirib.

25 il ərzində iki ölkə arasında əldə olunan nailiyyətlərdən söz açan Moldova xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy siyasi-diplomatik əlaqələrin möhkəmlənməsi üçün iki dövlət arasında ciddi hüquqi bazanın olduğunu diqqətə çatdırıb. Dövlətlərarası münasibətlərə toxunan nazir müavini əlaqələrin inkişafında humanitar əməkdaşlığın xüsusi rolunu önə çəkib.

Öz növbəsində Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyini xüsusi məsələlər üzrə səfiri İon Stavila Azərbaycan Xarici işlər Nazirliyinin rəhbərliyi ilə görüşlərindən, GUAM-n yaradılması barədə danışıb.

Moldova ilə Azərbaycan xalqları arasında mövcud olan dostluq və insanlar arasında xoş münasibətlərin ikitərəfli münasibətlərdəki rolundan danışan Moldovanın Türkiyədə keçmiş səfiri, professor Viktor Tsvirkun təyin etdiyini bildirib. Eyni zamanda, o, iştirakçılara xatırladıb ki, məhz Moldova Parlamentinin nümayəndəsi qorxmadan Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri barədə danışıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov Moldovanın bir çox azərbaycanlılar üçün ikinci Vətən olduğunu bildirib, Azərbaycan diasporu tərəfindən həyata keçirilən layihələrdən danışıb, ölkələr arasında münasibətlərin inkişafı üçün xalq diplomatiyasının xüsusi rolu olduğunu vurğulayıb.

Sonda səfir Qüdsi Osmanov və Milli Məclisin deputatı Fuad Muradov Moldova Parlamentinin kitabxanası üçün hədiyyə olaraq Azərbaycanın tarixi, mədəniyyəti barədə, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitabları Moldova parlamentinin sədr müavini Vladimir Vityuka təqdim ediblər.

 

Arxiv üzrə axtarış