Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırmışdır. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş layihələrdə dost Moldova Respublikasının müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir Kəmaləddin Heydərov ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti, o cümlədən FHN-in Akademiyası barədə qonaqlara ətraflı məlumat vermişdir. Nazir Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında moldovalı gənclərin də təhsil almasının mümkünlüyünü nəzərə çatdırmışdır.
Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizda səmimi qəbula görə minnətdarlığını bildirmiş və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus qüvvələrin Moldovada keçirilmiş təlimlərdə iştirak etdiyini xatırladaraq təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırmış, müvafiq qurumlar arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olmuşlar.