Cari ilin 01-03 dekabr tarixlərində Moldova Respublikasının paytaxtı Kişineu şəhərində dünyanın 18 ölkəsinin iştirakı və YUNESCO-nun təşkilatıçılığı ilə Beynəlxalq mahnı, rəqs və model yarışı və istedadlı ulduzların festivalı keçirilmişdir.
Festivalda Azərbaycan Respublikasını Hüseyn İmanov təmsil edirdi. O, Moldova Respublikasının məşhur bəstəkarı İon Aldea Teodoroviçin “Xalqın suverenliyi” (“Суверенитет народа”) mahnısını ifa etmiş və birinci yeri tutmuşdur.
Azərbaycan nümayəndəsinə dəstək məqsədi ilə, tədbirdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin məsul əməkdaşları, həmçinin Moldova Respublikasında təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdirlər. Eyni zamanda, təmsilçimiz Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri cənab Qüdsi Osmanov tərəfindən qəbul edilmişdir. Görüş zamanı Səfir Hüseyn İmanovun tədbir təəssüratları ilə maraqlanmış və gələcək işlərində uğurlar diləmişdir. Öz növbəsində təmsilçimiz cənab Səfirə onu qəbul etdiyi və eləcə də tədbirdə Səfirliyin onu dəstəklədiyi üçün öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, həmyerlimiz Hüseyn İmanov 6 yaşından səhnədə iştirak edir, Rusiyanın və beynəlxalq müsabiqələrin laureatıdır, o cümlədən Parisdə keçirilən "Sozvezdiye Artima" müsabiqəsində iştirak edib. H.İmanov Rusiyanın Gnesinıx adına musiqi kolecində təhsil alır, Kremlin hərbi orkestrnın ifaçısı olub, cavan ifaçı olmasına baxmayaraq Rusiyanın bir çox estrada ifaşıları ilə bir səhnədə çıxış edib.
Səfirliyin mətbuat xidməti