2017-12-12

Heydər Əliyevin xatirəsi Moldovada anılıb

Dekabrın 12-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Türkiyənin Moldovadakı səfirliyinin əməkdaşları, Moldova azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın, xalqımızın qarşısında böyük xidmətlərindən danışıb. Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində önəmli rolunu qeyd edən səfir, azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin Azərbaycana ən çətin zamanda rəhbərlik etdiyini, ölkəmizi tənəzzüldən, böhrandan çıxararaq, inkişaf yoluna qoyduğunu və bütün dünyaya tanıtdığını bildirib. Q.Osmanov Heydər Əliyevin qoyduğu zəngin irsin, siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin diplomat qeyd edib ki, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider ölkə olaraq, artıq dünya siyasətində öz mühüm rolunu oynayır.

Türkiyə Respublikasının Moldovadakı Səfiri Xulusi Kılıç çıxışında Heydər Əliyevin türk dünyasının fəxri və böyük oğlu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanda işlədiyi zaman məhz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində, ölkəmizin günü-gündən  çiçəklənməsinin və hər tərəfli inkişafının şahidi olub. " Heydər Əliyev aramızda olmasada, onun fikirləri, irsi və qurduğu dövlət yaşayır, yaşamalıdır və yaşadılmalıdır", - deyə diplomat bildirib.

Moldova Azərbaycan Konqresinin rəhbəri Vüqar Novruzov Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğını qeyd edərək, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinə, xalqımızın əmin-amanlığına və bütövlükdə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.

Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Səfirlikdə ucaldılan büstü önünə çiçək və əklillər qoyublar. Səfirlikdə ümummilli liderin xatirəsinə ehsan verilib.

Arxiv üzrə axtarış