Moldovanın Dövlət İnformasiya Agentliyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məqalə dərc olunub
Moldovanın "Moldpres" Dövlət İnformasiya Agentliyində ulu öndər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş məqalə dərc olunub. Məqalə rumın, rus və ingilis dillərində çap olunub.
Məqalədə ümummilli lider Heydər Əliyevin ömür yolu, Azərbaycan dövlətinin quruculuğunda, o cümlədən müasir Azərbaycanın bütün sahələrində müstəsna xidmətləri barədə məlumatlar verilir. Ulu öndərin hələ SSSR dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda keçirilən islahatlar, əldə olunan nailiyyətlərdən söz açılır. Bununla yanaşı məqalədə Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində çətin bir vaxtda azərbaycan xalqının tələbi ilə rəhbərliyə qayıtması, respublikanı tənəzzüldən, böhrandan çıxararaq, ölkəmizin müasir inkişafının bünövrəsinin qoyması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər məsələlər haqqında bəhs olunur.
Eyni zamanda, Heydər Əliyevin dünya miqyaslı siyasətçilərlə bir sırada olduğu qeyd edilərək, o dünya şöhrətli və böyük nüfuza malik siyasi xadim kimi xarakterizə edilir.
Həmçinin məqalədə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətin bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bunun nəticəsində ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyi əks olunur.