Moldovada 20 Yanvar qurbanlarının xatirəsi anılıb
Cari ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində keçən əsrin 20 Yanvar 1990-cı il tarixində baş vermiş Qanlı yanvar hadisələrinə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə Moldova Azərbaycan diasporasının nümayəndələri, Moldova ictimai xadimləri, ziyalılar, azərbaycanlı tələblər iştirak etmişlər. İlk öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Qüdsi Osmanov tədbirdə çıxış edərək, Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 yanvar faciəsi barədə məlumat vermiş, keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirildiyini vurğulayaraq, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını söyləmişdir.
Diplomat, baş vermiş 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçdiyini, xalqımızın həmin hadisələri bu gün də unutmadığını, qanlı tarixin, xalqımızın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün şəhidlərin, eləcə də 20 yanvar şəhidlərinin əziz xatirəsinin xalqımız, vətənimiz yaşadıqca daim anılacağını və qəlblərdə yaşadılacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin Səfir qeyd etmişdir ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin dərin düşünülmüş daxili və xarici siyasəti nəticəsində güclü ordusu və dünyanın siyasi arenasında nüfuzlu və özünəməxsus yeri olan aparıcı dövlətlərdən biridir.
Daha sonra Moldova İctimai palatasının sədri, Moldova üzrə Azərbaycan multikulturalizm mərkəzinin rəhbəri Aureli Qriqoriu çıxış edərək, 20 yanvar hadisələrinin XX əsrdə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu, günahsız insanların qətlə yetirildiyini, bir çoxlarının ağır xəsarətlər aldığını və bunun azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizənin bir təzahürü olduğunu bildirmişdir.
Tədbirdə Moldova azərbaycanlıları Konqresinin rəhbərinin müavini Muxarib Allahverdiyev da çıxış etmişdir. Öz çıxışında o, xalqımızın başına gətirilən 20 yanvar faciəsinin acı nəticələrindən, sovet rejiminin xalqımıza qarşı çevrilmiş amansız siyasətinin günahsız qurbanlarından danışmış və tarixin qanlı səhifəsi olan 20 yanvarın bu gün də böyük acı ilə xatırlandığını bildirmişdir.
"Moldovahidromaş" şirkətinin rəhbərinin müavini, profesor Etibar Məmmədov 1990-ci il 20 yanvarında Moskvada olduğunu xatırlayaraq, həmən gün Ulu öndər, azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradə göstərərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi yığıncaqda faciəni törədənləri kəskin şəkildə tənqid etdiyini xatırlamış, Ulu öndərin çətin gündə xalqının yanında olduğunu qeyd etmişdir.
Sonda tədbir iştirakçıları Səfirlikdə təşkil edilmiş stendlə tanış olmuş, önünə qərənfillər düzmüşlər.
Səfirliyin mətbuat xidməti