2018-04-14

Frankofoniya həftələrinə yekun vurulub

Aprelin 14-də “Landmark”da təşkil olunan Frankofoniya həftələrinə yekun vurulub. Tədbir təşkilatçı ölkələrin səfirliklərinin öz mətbəx nümunələrini nümayiş etdirməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez çıxış edərək Avropanın on bir dövlətinin ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə reallaşan Frankofoniya həftələrində keçirilən tədbirlər, nümayiş etdirilən filmlər və sərgilər haqqında məlumat verib.

Qeyd edib ki, aprelin 1-dən başlanan Frankofoniya həftələri çərçivəsində Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrə ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən müxtəlif mədəni tədbirlər təşkil olunub, həmçinin kinosevərlər 8 ekran əsərini izləyə biliblər.

Səfir vurğulayıb ki, Fransanın tanınmış musiqiçisi Pyer Dö Treqomen və xanəndə Qoçaq Əsgərovun iştirakı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində “Mugham soul” adlı konsert proqramı da həftə çərçivəsində gerçəkləşən tədbirlərdən sayılır: "Bu il Frankofoniya həftələri çərçivəsində 30-dan çox tədbirin keçirilməsinə nail olduq. Azərbaycanda fransız dilinin dəstəklənməsi bizim üçün sevindiricidir”.

Avropanın digər dövlətlərinin səfirləri tədbirin əhəmiyyətindən danışaraq qonaqlara xoş arzularını çatdırıblar. Sonda Frankofoniya həftələri çərçivəsində həyata keçirilən şahmat müsabiqəsinin qalibi olan azərbaycanlı gənc mükafatlandırılıb.

Xatırladaq ki, hər il dünyada qeyd edilən Frankofoniya Həftəsi fransız dilli 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi ölkəni) bir araya gətirir.

 

Arxiv üzrə axtarış