2018-04-14

Moldova parlamentinin üzvləri: Seçicilərin fəallığı Azərbaycan vətəndaşlarının respublikanın taleyinə olan marağını nümayiş etdirir

Bakı, 11 aprel, AZƏRTAC

Seçkilərdə Azərbaycan vətəndaşlarının öz iradələrini ifadə etmələrinə mane ola biləcək hər hansı bir nöqsan və ya maneəyə rast gəlmədik. Seçki məntəqələrinin açıldığı andan seçicilərin fəallığını qeyd etmək istərdim. Biz gün ərzində bir çox seçki məntəqəsində müşahidə aparmışıq. Seçicilər fəallıqla səs verirdilər. Bu, Azərbaycan seçicilərinin respublikanın taleyinə olan marağını və dövləti məsələlərdə fəal iştirakını nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Moldova parlamentinin vitse-spikeri Vladimir Vityuk jurnalistlərə müsahibəsində deyib.

V.Vityuk bildirib ki, seçki komissiyalarının işinə gəldikdə, bütün seçki məntəqələri vaxtında açılıb, bütün prosedurlara riayət olunub. Seçki məntəqələrinə gələn vətəndaşlar öz adlarını siyahılarda tapır, bülleten alıb səs verirdilər. Digər müşahidəçilərlə söhbətdə də biz səsvermə prosesi barədə müsbət rəylər eşitdik. Bu isə Azərbaycan dövlətinin və Mərkəzi Seçki Komissiyasının seçkilərin demokratik, azad prinsiplərə uyğun keçirilməsi üçün lazımi tədbirlər gördüyünü nümayiş etdirir.

Moldova parlamentinin dövlət idarəçiliyi və regional inkişaf komitəsinin sədri xanım Violetta İvanova bildirib ki, olduğumuz bütün məntəqələrdə qayda-qanuna uyğun şərait müşahidə etdik. Qeyd etməliyəm ki, səsvermədə iştirak edən gənclərin sayı çox idi.

“Bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Deməliyəm ki, bu, bayramdır. Çünki müşahidələrimiz göstərir ki, səsvermə sakit, nizam-intizamlı keçdi. Bu isə onu göstərir ki, ölkədə demokratik dəyərlərə çox böyük önəm verilir”, - deyə xanım V.İvanova əlavə edib.

Arxiv üzrə axtarış