2018-04-27

GUAM-a üzv dövlətlərin səfirlərinin Strasburqda görüşü olub

Strasburqda GUAM-a üzv dövlətlərin (Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova) səfirlərinin və AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərlərinin görüşü olub. Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova görüşdə iştirak edib.

Qeyd olunub ki, AŞPA nəzdində belə bir görüş ilk dəfədir keçirilir. Bundan sonra bu platformadan fəal şəkildə istifadə olunması, AŞPA-dakı nümayəndə heyətlərinin görüşlərinin keçirilməsi, birlikdə fəaliyyət göstərməsi qərara alınıb. Tədbirlər təşkil edərək GUAM-ın fəaliyyətini AŞPA-da tanıtdırmağın önəmi qeyd edilib. Qərara alınıb ki, bu qurumun rəhbərliyi ilə birgə işləyərək GUAM ölkələrini maraqlandıran məsələlərlə bağlı tədbirlər keçirilsin, AŞPA-dakı nümayəndə heyətlərinin fəaliyyəti intensivləşdirilsin.

Görüşdə çıxış edən GUAM-ın baş katibi müəyyən strateji məqamlara toxunub.

Nümayəndə heyətlərinin rəhbərləri tədbirlər planı hazırlamağın vacibliyini qeyd ediblər.

Növbəti görüşün AŞPA-nın yay sessiyası çərçivəsində keçirilməsi qərara alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Arxiv üzrə axtarış