Bakıda ikinci “IMAGINE” Avropa Tolerantlıq Festivalına həsr edilən konfrans keçirilib
Mayın 2-dən 17-dək Bakıda növbəti dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakıda keçiriləcək ikinci “İmagine” Avropa Tolerantlıq Festivalına həsr olunmuş konfransda söyləyib.
Diplomat qeyd edib ki, festival çərçivəsində Avropa tolerantlığı barədə 38 müxtəlif mövzulu sənədli film nümayiş etdiriləcək və muğam ilə Avropa musiqisinin sintezindən ibarət konsert proqramı təqdim olunacaq. Konsert proqramı mayın 4-də Muğam Mərkəzində baş tutacaq.
O bildirib ki, festival çərçivəsində, həmçinin iki konsert proqramı və açıq havada teatr nümayiş etdiriləcək, eyni zamanda, azərbaycanlı rejissorların filmləri nümayiş olunacaq və müzakirələr aparılacaq. Mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edəcək bu festival İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunub. Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, İsveçrə, Norveç, Braziliya, İsrail, Peru, Moldova, Meksika, Amerika Birləşmiş Ştatları və Argentinanın Bakıdakı səfirliklərinin əməkdaşlığı çərçivəsində reallaşacaq.
Diplomat qeyd edib ki, “Imagine” ikinci Avropa Tolerantlıq festivalı Aİ tərəfindən dəstəklənir və maliyyələşdirilir. K.Yankauskas deyib: “Bu festival təkcə diplomatlar üçün deyil, həmçinin ölkələri birləşdirmək üçündür. Bizi birləşdirən multikulturalizm və tolerantlıq dəyərlərimizin birləşməsi üçündür. Festival çərçivəsində Avropanın 10, ümumilikdə isə 30 ölkənin istehsalı olan filmlər nümayiş etdiriləcək, musiqili konsertlər olacaq. Burada ilk dəfə olaraq muğam ilə Avropa musiqisi birləşəcək”.
“Park Cinema”nın direktoru Musa Axundov bildirib ki, “Park Cinema” davamlı olaraq izləyicilərini film festivalları ilə sevindirir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq çərçivəsində bu il ikinci “İmagine” Festivalının filmləri nümayiş olunacaq. Sənədli filmlər təkcə Bakıda deyil, həmçinin Quba “ASAN həyat” Kompleksində nümayiş etdiriləcək.
“Yarat” müasir incəsənət mərkəzinin nümayəndəsi Ülviyyə Axundova deyib ki, filmlər və musiqilər, incəsənət həyatımızı mükəmməlləşdirməyə kömək edir. Həmçinin bu, müxtəlif fikirləri insanlara çatdırmağın ən gözəl yoludur. Əminəm ki, bu cür əsərlər tolerantlıq dəyərlərinin təbliğində də əvəzolunmaz vasitə olacaq.
Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovas bildirib ki, bu il onun ölkəsi də Azərbaycan kimi, 100 illiyini qeyd edir. Bu illər ərzində Latviya kino sənayesi çox inkişaf edib. Tolerantlıq, multikulturalizm və cəmiyyətin qarşılaşdığı müxtəlif məsələləri əhatə edən filmlər çəkilib. Latviya bu sahədəki təcrübəsini bölüşmək istəyir.
Konfransda çıxış edən Perunun Azərbaycandakı səfiri Luis Çanq Boldri deyib: “Avropa İttifaqına üzv olmasaq da, biz də eyni düşüncəni, dəyərləri bölüşürük. Festival çərçivəsində Perunun bir filmi nümayiş olunacaq. Bizim dəstəyimizlə iki musiqiçinin Azərbaycana səfəri təşkil edilib. Muğam mərkəzində onların konserti olacaq. Biz özümüzü festivalın bir hissəsi hiss edirik. Əminəm ki, bu Festival tolerantlığın bariz nümunəsi olacaq".
Sonda Peru musiqiçiləri milli musiqi parçalarını təqdim ediblər.