2018-05-07

Class Fest Beynəlxalq Teatr Məktəbləri Festivalının VIII nəşri

Moldova Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Musiqi, Teatr və İncəsənət Akademiyası, İncəsənət Teatrı, Xoreoqrafiya və Multimedia fakültəsinin təşkilatçılığı ilə Moldova Respublikasının Luceafarul Respublika Teatrında Class Fest Beynəlxalq Teatr Məktəbləri Festivalının VIII nəşri keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən olan (Azərbaycan, Avstriya, Ukrayna, Qazaxıstan, Rusiya, Polşa, İtaliya, Fransa, Rumıniya, Belarus, Almaniya, Moldova Respublikası və ermənistan) onlarla teatr məktəbinin nümayəndələri Moldovanın paytaxtı Kişinyova toplaşmışlar.

Festival çərçivəsində Azərbaycan tərəfi Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri tərəfindən Azərbaycanın görkəmli dramuturqlarından olan Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsəri-tamaşası səhnələşdirilmişdir.

Tamaşanın nümayişində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Qüdsi Osmanov başda olmaqla, Səfirliyin heyəti, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, Türkiyə Respublikasının Moldova Respublikasındakı Səfirliyinin əməkdaşları, eləcə də Azərbaycanlı və Moldovalı tələbələr, həmçinin Moldova Respublikasında yaşayan Azərbaycanlılar, Moldovanın ictimai və mədəni xadimləri iştirak etmişlər.

Onu da qeyd edək kİ, tamaşa istər azərbaycanlı, istərsə də yerli izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır. Tamaşanın sonunda Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Qüdsi Osmanov tamaşanın bədii rəhbərinə gül dəstəsi təqdim etmiş bütün heyəti təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Həmçinin tamaşa qurtardıqdan sonra Klass Fest Festivalının təşkilatçısı və rəhbəri tərəfindən SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nöfəl Vəliyev və müəllim Ruslan İsmayılov və tamaşını səhnələşdirən tələbələrə festivalda iştirak etdiklərinə görə diplomla təltif etmiş və növbəti ildə də Moldova Respublikasında görmək niyyətində olduqlarını onların diqqətinə çatdırmışdır.

Qeyd edək ki, artıq bu heyətin iştirakı ilə yuxarıda adıçəkilən tamaşa bir sıra Avropa şəhərlərində müvəffəqiyyətlə nümayiş olunmuşdur.

Tamaşa yerli KİV nümayəndələri tərəfindən mətbuatda geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış