2018-11-12

Ekoloji siyasətin həyata keçirilməsi istiqamətində atılan addımlar

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.

Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayacaq təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.

Şübhəsiz ki, ətraf mühitlə bağlı problemlər bütün insanları narahat edir və bu problemlərin öyrənilməsi bəşəriyyətin inkişafının ən vacib tələblərindən biridir.

Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. 

Hər bir ölkənin özünəməxsus ətraf  mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər  insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir. 

Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir.

Azərbaycanda ətraf mühit problemlərinin  həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətləridir.

Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Azərbaycan hələ 2003-cü ildə Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir. 

Bu istiqamətdə meşə ilə örtülü ərazilərin miqyasının artırılması, biomüxtəlifliyin mühafizəsi, arid ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, hidrometeoroloji müşahidə sistemlərinin və monitorinq şəbəkəsinin modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, əhalinin ekoloji şüur səviyyəsinin artırılması başlıca fəaliyyət istiqamətlərindən olmuşdur.

Azərbaycan nadir ölkələrdən biridir ki, meşələrin azalması tendensiyasını dayandıra bilmiş və müəyyən artımı təmin etmişdir. Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış intensiv meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır.  Son 17 ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon ağac əkilmiş, 102,317 min ha cavan ağaclıqlar qiymətli meşə ağacları kateqoriyasına keçirilmişdir. 2493 ton toxum tədarük edilmiş, 470,7 milyondan artıq müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir. 

Qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri çərçivəsində arid ərazilərlə səciyyələnən qeyri-meşə fondu torpaqlarında ümumilikdə 4438 hektar ərazidə 5 386 min ağac əkilmiş, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulmuşdur. Yaşıllaşdırma layihələrinin davamlılığının təmin edilməsi üşün bütün ərazilər damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Suvarmada alternativ su mənbələrindən - duzsuzlaşdırılmış dəniz suyundan, həmçinin tullantı sularından təkrar istifadə olunur. Bundan başqa, məhsul verən ağaclara, o cümlədən zeytun və digər meyvə ağaclarının əkilməsinə üstünlük verilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildəki 478 min hektardan 893 min hektara qədər artırılaraq ölkə ərazisinin 10,3%-nə çatdırılmışdır (9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı). 2003-cü ildən ölkədə ilk dəfə olaraq milli parkların yaradılmasına başlanılmış və hazırda onların sayı 9-a çatdırılmışdır. 2003-cü ildə nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların sayında qısa müddətdə ciddi artım müşahidə olunmuş, onların sayı 2 min başdan 7 minə çatmışdır.

Biomüxtəlifliyin qorunması və mühafizə olunan ərazilərin artırılması hesabına Azərbaycan üçün nadir növ hesab olunan Qafqaz bəbirlərinin öz areallarına qayıtması prosesi təmin edilmiş və 2010-cu ilədək mövcud olan 6 bəbir fərdinin sayı 17-yə çatmışdır.

Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 17 ildə  7 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır. Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılmışdır. Artıq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.

Müasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Problemlərin həlli istiqamətində alimlər və mütəxəssislər tərəfindən müxtəlif fikirlər yürüdülür ki, bunlardan da bu gün üçün ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.

Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji mənbələrinin potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi heç kəsdə şübhə doğurmur.

Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb  olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş  istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.

Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas  bir ölkədir və ölkə artıq iqlim dəyişmələrinin mənfi təsirlərini - daşqınlar, sellər, quraqlıq, istilik stressləri və s. kimi təbiət hadisələrinin sayının artmasını özündə hiss edir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir. 

Bununla bağlı iqlim dəyişmələrinə həssas olan sahələrdə ətraf mühitə dost texnologiyalar tətbiq etməklə bir sıra irimiqyaslı infrastruktur layihələri - su anbarları və elektrik stansiyalarının inşası, meşəsalma və su layihələri - ölkəmizin çoxşaxəli inkişafını təmin edir.  

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2015-ci ildə Paris şəhərində keçirilmiş 21-ci Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr üçün iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi qəbul edilmışdir. Paris Sazişi, Konvensiyanın həyata keçirilməsinin genişləndirilməsi ilə davamlı inkişafa nail olmaq və yoxsulluğu aradan qaldırmaq üzrə səylər kontekstində iqlim dəyişmələri təhlükəsinə qlobal cavab tədbirlərini gücləndirmək məqsədini daşıyır. 

Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş milli töhfələri sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili olan 1990-cı il ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.

Azərbaycan, qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edir və bu problemin qarşısının alınmasına yönəldilən birgə səyləri dəstəkləyir.

İqlim dəyişmələrinin təsirindən inkişaf səviyyəsindən asılı olmayaraq heç bir ölkə sığortalanmamışdır və  bunu baş verməkdə olan ekstremal təbii fəlakətlər əyani şəkildə göstərməkdədir. 

1990-cı ildə Azərbaycan atmosferə ildə 73  milyon ton istilik effekti yaradan qaz tullantıları atırdı. SSRİ iqtisadiyyatı dağılandan sonra tullantıların həcmi 36 milyon tona düşdü. Bundan sonra iqtisadiyyatın dəfələrlə artmasına baxmayaraq, hazırda tullantıların miqdarı 1990-cı baza ilinin təxminən 65.7%-ni təşkil edir.

Əgər 1990-2000-ci illərdə tullantıların azaldılması əsasən SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin itməsi ilə bağlı iqtisadi tənəzzüllə izah edilirdisə, növbəti illərdə ölkənin sürətli inkişafı fonunda məqsədli görünən fəaliyyətlə bağlıdır.

Belə ki, Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması və onun əvəzinə daha təmiz yanacaq olan təbii qazdan istifadə edilməsi,  meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin və elektrik enerjisi istehsalında sərf olunan şərti yanacaq vahidinin ildən-ilə azaldılması və s. kimi tədbirlər həyata keçirilmişdir. Gələcəkdə də iqtisadiyyatın müxtəlif sektorlarında bu cür fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur ki, bu da qlobal  iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində göstərilən səylərə milli töhfənin daha da artmasına gətirib çıxaracaqdır.

Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılmış, müasir tələblərə uyğun məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən müvafiq telekommunikasiya sistemi qurulmuş, avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılmışdır. Bu stansiyalardan biri də işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qurulmuşdır. 

Eyni zamanda Milli monitorinq sistemi təkmilləşdirilmiş, ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasında ciddi irəliləyişə nail olunmuş, Bakıda atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin aparılması üçün ən yeni nəsil avtomatik stansiyalar kompleksi qurulmuş, atmosfer havasının vəziyyəti barədə məlumatların saatbasaat onlayn qaydada ictimaiyyətə çatdırılması təmin edilmişdir.

Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsinə böyük investisiyalar qoyulur, irimiqyaslı layihələr həyata keçirilir. Təəssüf ki, Ermənistan tərəfindən aparılan total müharibənin tərkib hissəsi kimi Araz çayının sənaye tullantıları ilə güclü çirkləndirilməsi bizim əhalinin sağlamlığı üçün təhlükəli fəsadlar yaradır. Buna görə də mərkəzləşmiş şəkildə  içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda standartlara cavab verən su ilə təmin edilməsi üçün modul tipli sutəmizləyici qurğular qurulur. Bu proqramın həyata keçirilməsi hesabına 2007-2017-ci illər ərzində 484 yaşayış məntəqəsində 700 minə yaxın əhalinin təmiz içməli suya çıxış hüququ təmin edilmişdir.

Ərazisinin 20%-nin işğal altında olmasına və bir milyondan çox qaçqın və məcburi köçkünlərin mövcudluğuna baxmayaraq Azərbaycan Respublikası qlobal iqlim dəyişmələri kimi problemin həllinə töhfəsini vermiş və bundan sonra da öz imkanlarına söykənərək bu istiqamətdə bütün çağırışlara cavab verəcəkdir.

Davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi,  alternativ enerji mənbələrindən səmərəli və dayanıqlı istifadə planetimiz üçün əmələ gələcək zərərin qarşının alınması istiqamətində  mühüm rol oynayacaqdır.

Bu istiqamətdə təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitdən istifadənin tənzimlənməsi, təbii ehtiyatların axtarışı və ehtiyatların qiymətləndirilməsi sahəsində geoloji axtarış və kəşfiyyat işləri aparılmışdır.

Ölkə Başçısı tərəfindən həyata keçirilən uğurlu siyasət sayəsində təmin edilmiş yüksək iqtisadi inkişafın xammal bazası ilə təchiz edilməsi üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunmuş, 2003-2017-ci illər ərzində 310 yataq dövlət qeydiyyatına alınmış, bununla da Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balanslarında  yataqların sayı 690-dan 1000-ə çatdırılmışdır.  

Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi respublikamızda Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazasının yaradılmasını, ətraf mühit üzrə Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi yolu ilə  prioritet layihələrin tədricən realizə olunmasını   qeyd etmək olar.

Bundan əlavə, əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, ali təhsil müəssislərində və orta ümumtəhsil məktəblərində  ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işləri geniş çərçivədə aparılır.  

Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf ,  Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur. 
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 21  konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.   

Ətraf mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını müəyyənləşdirmək və  ekoloji tarazlığı təmin etmək məqsədilə Dövlət proqramları və layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını yaxın gələcəkdə mümkün edəcəkdir.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-cı ildə açıqlanmış Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan 180 ölkə arasında 31-ci sırada qərarlaşmışdır.

Arxiv üzrə axtarış