ÜMUMI MƏLUMAT
http://www.karabakh.az/menu/?lang=az&i=67
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir.
Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu.
Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə yanaşı, Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərinin iştirak etdikləri qurultayda keçən dövr ərzində görülmüş işlər ətraflı təhlil edilmiş, icma qarşısında duran əsas vəzifələr müəyyənləşdirilmişdir.
Bununla yanaşı, Qurultayda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması icmanın qarşısında duran ən mühüm vəzifə kimi vurğulanmış və gələcək tədbirlər planının həyata keçirilməsi mexanizmləri göstərilmişdir.
Qurultayda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilməklə yanaşı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalisinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapdı.
Həmin gün yeni seçilmiş idarə heyətinin üzvlərinin qurultaydan sonra xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüşü keçirilmiş, Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə diplomatlara məlumat verilərək təmsil etdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə çatdırılması işində onların rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
2009-cu il iyunun 12-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin ilk iclası keçirilmiş, idarə heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmış, onların daxil olduğu elm, təhsil və mədəniyyət, icmadaxili məsələlər, beynəlxalq əlaqələr, informasiya və ictimaiyyətlə əlaqələr, hüquqi təminat və insan hüquqları bölmələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, əlaqələndirmə şurasının strukturu təsdiq edilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev çıxış edərək icmanın yenidən formalaşmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, idarə heyətinin iki istiqamətdə fəaliyyət göstərməsini, yəni həm ölkə daxilində iş aparmasını, həm də beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Akademik R.Mehdiyev icmanın fəaliyyətini canlandırılması və məqsədyönlü xarakter alması üçün Qarabağ əhalisi arasında maarifləndirmə işlərinin səviyyəsini yüksəltməyin zəruriliyini bildirmiş, bu istiqamətdə icmanın saytı, mətbu orqanın xüsusi rol oynayacağını və Azərbaycanın mövqeyinin dünyaya çatdırılması üçün beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, bu görüşlərin sayəsində ermənilərin azərbaycanlılar barədə yaratdıqları yanlış təsəvvürü heçə endirməyi tövsiyə etmişdir.
İcmanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün təcavüzkarın ifşası istiqamətində, eləcə də münaqişənin nizama salınması prosesində Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edərək daha səmərəli fəaliyyət göstərməsi çox vacib və əhəmiyyətlidir. Bu səbəbdən dövlət başçısı cənab İlham Əliyev 2009-cu il avqustun 31-də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzaladı.
Sərəncamda 65 min nəfərdən çox insanı birlədirən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolunun əhəmiyyətli dərəcədə artdığı vurğulanaraq, icmanın keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilməsi və idarəetmə strukturlarını yaratması bildirilirdi.
Dövlət başçısı tərəfindən Daqlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə İctimai Birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.
Belə ki, 2009-cu il iyulun 2-də icmanın idarə heyətinin ATƏT-in həmin dövrdəki fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanniş, oktyabrın 6-da isə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirilmişdir. Keçirilən görüşlərdə idarə heyətinin üzvləri bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, eləcə də hər iki icma üzvlərinə barəbər şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər. Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasının münaqişənin ədalətli həlli üçün başlıca şərt olduğu vurğulanmaqla yanaşı, bu bölgənin bütün dövrlərdə Azərbaycan mədəniyyətinin mərkəzi olduğu bildirilmiş və qeyd edilmişdir ki, Ermənistanın hrəbi təcavüzü nəticəsində həmin ərazilərdəki xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılmış və ya məhv edilmişdir.
Ermənilərin daim öz müqəddaratını təyin etmə prinsipini ön plana çəkməsinə baxmayaraq, beynəlxalq hüquqda bu prinsipin heç bir vəhclə müəyyən dövlətin ərazisinin bir hissəsinin həmin dövlətin razılığı olmadan ondan ayrılmasına əsas və icazə vermədiyi bildirilmişdir. Idarə heyətinin üzvləri keçirilən görüşlərdə Azərbaycan dövlətinin Dağlıq Qarabağın inkişafı üçün orada yaşayacaq hər iki icmanın xeyrinə lazımi tədbirləri görməyə hazır olduğunu qeyd edərək, bu mərhələyə keçmək üçün ilk növbədə Ermənistan tərəfindən bütün Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini diqqətə çatdırmışlar.
Bununla yanaşı, Dağlıq Qarabağın azərbaycanlı icması regionda və dünyada baş verən hadisələrə müntəzəm olaraq öz münasibətini bildirmiş, beynəlxalq tədbirlərdə mövqeyini açıqlamışdır. Belə ki, 2009-cu il oktyabrın 12-də İctimai Birliyin idarə heyətinin iclasında Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin yaradılmasına dair protokolların imzalanması ilə bağlı qardaş ölkənin ictimaiyyətinə edilən müraciətində Azərbaycan ərazilərinin işğalını davam etdiyi hazırki şəraitdə Türkiyənin Ermənistanla sərhədini açmasının yolverilməz olduğunu vurğulamaqla yanaşı, qeyd edilirdi ki, bu hadisə təcavüzkarı işğalçılıq siyasətini davam etdirməyə ruhlandıraraq, münaqişənin ədalətli həlli prosesinə böyük zərbə vuracaq, azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasına əngəl törədəcək.
2009-cu il dekabrın 16-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi adından ABŞ Prezidenti Barak Obamaya göndərilmiş məktubda vurğulanırdı ki, Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir mərhələdə ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma bir rejimə 8 milyon dollar məbləğində vəsait ayırması Dağlıq Qarabağın azərbaycanlı icmasını silah gücü ilə öz doğma torpaqlarından çıxararaq etnik təmizləmə siyasəti həyata keçirən separatçı rejimin və Ermənistanın dəstəklənməsi deməkdir. Bu hadisə Dağlıq Qarabağ icmalarına münasibətdə balasın pozulmasına gətirib çıxara biləcək bir amildir və ona görə də göstərilən hər hansı siyasi, iqtisadi və maliyyə dəstəyi hər iki icmaya bərabərhüquqlu yanaşma nümayiş etdirilməsi istiqamətində olmalıdır ki, bu da münaqişənin ədalətli həllinə kömək edə bilər.
2009-cu il dekabrın 1-də Berlin şəhərindəki Brandenburq Elmlər Akademiyasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və Almaniya-Azərbaycan Forumu “Dağlıq Qarabağ–Azərbaycanın mədəniyyət beşiyi” mövzusunda elmi simporium keçirilmişdir. Icmanın xaricdə keçirilən ilk beynəlxalq tədbirində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ciddi əngəl olduğu, davamlı sülhə və sabitliyə təhlükə yaratdığı bildirilməklə yanaşı, Dağlıq Qarabağın mədəni-tarixi irsindən, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edən fotosərgi və Qarabağ xalçaları nümayiş etdirilərək bu bölgənin əzəli Azərbaycan torpağı və ayrılmaz bir hissəsi olduğu faktlarla diqqətə çatdırılmışdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi müntəzəm olaraq Xocalı soyqırımı, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciətlər etməklə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırmışlar.
Ümumiyyətlə, Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisinin fəallığının artırılması istiqamətində görülən işlər çox zəruri və təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binasının istifadəyə verilməsi icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İcmanın nüfuzlu şəxslərdən – Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərindən ibarət olan idarə heyəti artıq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirir. İctimai Birliyin fəaliyyətini daha da canlandırmaq üçün təşkilatlanma işləri sürətlənməli, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün keçirilən tədbirlərin coğrafiyası genişləndirməklə, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq lazımdır.