2019-02-28

Beynəlxalq tədbirdə azərbaycanlı alim ölkəmizdə həyata keçirilən ekoloji layihələrin nəticələrindən danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Moldovanın paytaxtı Kişinyov şəhərində “Ətraf mühit və sağlamlıq” mövzusunda keçirilən seminarda məruzə ilə çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, İ.Mustafayev məruzəsində 2018-ci ildə ölkəmizdə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ekoloji layihələr və onların əsas nəticələri haqqında məlumat verib. Seminarda, həmçinin müxtəlif sahələri təmsil edən nümayəndələrin 20-dən çox məruzəsi dinlənilib, ölkələr üçün ətraf mühit və səhiyyə sahəsində gələcək fəaliyyətin prioritetləri müzakirə olunub, eləcə də həm ölkə daxilində, həm də ölkələrarası əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib.

BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində reallaşan seminarda Avropa İqtisadi Komissiyasının ekspertləri, Azərbaycan, Moldova və Gürcüstanın ətraf mühit və səhiyyə nazirliklərindən, habelə elm və təhsil sahəsindən 50-yə yaxın nümayəndə iştirak edib.

Arxiv üzrə axtarış