Heydər Əliyev -96
Cari ilin 10 may tarixində Azərbaycanın Moldovadakı Səfirliyində azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Moldova İqtisadiyyat və İnfrastruktura naziri Kiril Qaburiç, Moldovadakı Azərbaycanlıların Konqres nümayəndələri, Moldovada təhsil alan tələbələr, ictimai xadimlər, yerli KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Səfirliyin binasında ucaldılan Ulu öndərin büstü önünə çiçəklər düzüblər, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov müstəqil dövlətimizin qurucusu və memarı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, həyata keçirdiyi islahatlar barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, 1993-cü ildə xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyev getdikcə dərinləşən böhranın qarşısının alınmasına, ölkəmizin ağrılı problemlərinin aradan qaldırılmasına, Azərbaycan Dövlətinin qurulması və möhkəmlənməsinə nail olub. Diplomat onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasətə toxunub, bu siyasətin nəticəsində ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafdan bəhs edib.
Daha sonra çıxış edən Moldova İqtisadiyyat və İnfrastruktura naziri Kiril Qaburiç Azərbaycanda iş fəaliyyəti zamanı insanların Heydər Əliyev şəxsiyyətinə xüsusi ehtiram və dərin hörmətlə yanaşdığını xatırlayıb: "Heydər Əliyev Azərbaycan üçün əvəzsiz işlər görmüşdür və Azərbaycan xalqı onun xidmətlərini unutmur, daim yad edir. İnsanlar onunla bağlı xatirələrini böyük qürurla böluşürlər", - deyə nazir bildirib. O, Ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində tarixi rolunu xüsusi qeyd edib.
Moldova azərbaycanlıları konqresinin rəhbəri Vüqar Novruzov Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlıları diasporunun quruculuğunda əvəzsiz rolu və xidmətlərindən danışıb. O qeyd edib ki, hər bir xalqın taleyində nadir talantlar olur ki, Azərbaycan xalqının taleyində də bu şəxs Ümumilli Lider Heydər Əliyevdir.
Daha sonra Moldova tarix elmləri doktoru Ruslan Şefçenko çıxış etmişdir. Heydər Əliyevin SSSR dövründəki xidmətlərindən, daha sonra müstəqil Azərbaycan dövründəki nailiyyətlərdən, yenidən hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı gedən qanlı döyüşlərin Heydər Əliyevin yürütdüyü ağıllı və müdrik siyasət nəticəsində dayandırıldığını, Azərbaycan iqtisadiyyatının inkişafından, bir dövlət kimi dünya arenasında mühüm yer tutduğu barədə ətraflı danışmışdır.
Sonra Moldovada təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı ilə Səfirlikdə "Heydər Əliyev - Azərbaycan dövlətinin banisi" adlı dəyirmi masa təşkil olunub. İştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Gənclər xarici qonaqlara Heydər Əliyevin azərbaycan xalqının tarixində rolu və xidmətləri barədə məlumat veriblər.
Eyni zamanda, Səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil edilmişdir.