2019-06-03

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edən Vadim Çebandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizə Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından dərin hörmət və ehtiramımı bildirim, Sizi, eləcə də Sizin şəxsinizdə Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim.

Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar və parlaq günlərdən biridir. Bu bayram öz Vətəni, onun zəngin tarixi və özünəməxsus orijinal mədəniyyəti ilə fəxr edən hər kəsin bayramıdır. 101 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika və müsəlman Şərqində qadınlara səsvermə hüququ, eləcə də bütün vətəndaşlarına cinsindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verən ilk dövlət olmuşdur.

Vətənpərvərlik adət-ənənələrinə sadiqliyini, eləcə də neçə-neçə nəsillərin dəyərlərini qoruyub saxlayan Azərbaycan gələcək inkişaf naminə qarşıya qoyulmuş planların uğurla reallaşdırılması yolu ilə addımlayır. Ölkə əhalisinin zəhmətsevərliyi və həyat optimizmi, tarixi keçmişə və milli ənənələrə böyük diqqət və hörmətlə yanaşması Azərbaycan Respublikasının inkişafının əsasları hesab olunur.

İcazə verin, bu təntənəli bayram günündə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına cansağlığı, həmrəylik və əbədi sülh arzu edim. Qoy, hər bir insanın evində əmin-amanlıq hökm sürsün, xəstəlik və çətinliklər isə onlardan yan keçsin.

Qeyd etmək istərdim ki, Azərbaycan və Qaqauz Muxtar Ərazisini ümumi dil, mədəniyyət, adət-ənənələr və dini dəyərlər birləşdirir. Əminik ki, Azərbaycan Respublikası və Qaqauz Muxtar Ərazisi arasındakı əməkdaşlıq qardaş xalqlarımızın rifahına və qarşılıqlı dəstəyinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm.

Ən xoş arzularla,

 

Vadim Çeban

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun

İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edən

Arxiv üzrə axtarış