Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Kişineuda silsilə tədbirlər keçirilib
Əvvəlcə Azərbaycanın Moldovadakı səfirliyinin önündəki bağçada görkəmli şairin barelyefinin rəsmi açılış mərasimi olub. Açılış mərasimində Moldovanın mədəniyyət naziri Sergiu Prodan, Yazıçılar Birliyinin sədri Teo Kiriyak, Elmlər Akademiyasının müxbir üzvü İon Hadırke, parlamentin deputatları, Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, yerli ictimai-siyasi xadimlər, yazıçılar, Moldovada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, eləcə də Moldovada yaşayan müxtəlif icmaların nümayəndələri, həmvətənlərimiz və yerli media nümayəndələri iştirak ediblər.
Nizami Gəncəvi yaradıcılığı haqqında məlumat verən səfir Qüdsi Osmanov görkəmli mütəfəkkirin irsinin dünya ədəbiyyatına böyük təsir göstərdiyini qeyd edib. Səfir barelyefin açılışının Azərbaycanın, eləcə də Moldovanın mədəni həyatında əlamətdar hadisə hesab edildiyini bildirib. Q.Osmanov qeyd edib ki, bir neçə il öncə paytaxt Kişineuda yerləşən parkların birində şairin büstünün ucaldılması, habelə hazırda Azərbaycan səfirliyində barelyefin qoyulması dahi şairə ehtiramın təcəssümüdür. Səfir Nizami Gəncəviyə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq, Azərbaycan və Moldova Mədəniyyət nazirliklərinin dəstəyi ilə səfirlik və Moldova Milli Kitabxanası tərəfindən “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı birgə konfrans təşkil ediləcəyini, konfransda ölkəmizin mədəniyyət nazirinin bu əlamətdar yubileylə bağlı müraciətini tədbir iştirakçılarına çatdıracağını və Nizami yaradıcılığına dair Nazirlikdən göndərilmiş kitabları Moldova Milli Kitabxanasının fonduna hədiyyə edəcəyini qeyd edib, həmçinin kitabxanada Nizami Gəncəvi yaradıcılığına dair kitablardan ibarət sərgi təşkil ediləcəyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, səfir Azərbaycan-Moldova münasibətlərinin yalnız mədəniyyət sahəsi deyil, digər sahələr üzrə inkişaf etdiyini, bir neçə gün öncə Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində ölkələrimizin prezidentlərinin ikitərəfli görüşünün baş tutduğunu, görüşə əsasən tərəflərin iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da inkişafına maraqlı olduğunu bildirib.
Daha sonra, Moldovanın mədəniyyət naziri S.Prodan çıxış edərək, bu mərasimin hər iki ölkə üçün əlamətdar olduğunu, ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə ümidvar olduğunu dilə gətirib. Nazir qeyd edib ki, Şərq poeziyasının öyrənilməsində olduqca əhəmiyyətli olan Nizami irsinin Şərq, eləcə də Azərbaycan mədəniyyətinin Moldovada araşdırılması və təbliğ edilməsi baxımından vacibdir.
Öz növbəsində, Moldova Parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vitaliy Jakot çıxışında mədəniyyətin istənilən xalqın inkişafında önəmli olduğunu, bu baxımdan Azərbaycanın dahi şairinə həsr edilmiş tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib. Nizami Gəncəvi yaradıcılığını dünya mədəni irsinin incisi adlandıran deputat görkəmli mütəfəkkiri əsrlər keçməsinə baxmayaraq, ümumbəşəri dəyərlərin təbliğinə töhfə verən istedadlı mədəniyyət xadimi kimi qiymətləndirib. Deputat bildirib ki, Nizami Gəncəvi yaradıcılığına müxtəlif dövrlərdə dünyanın tanınmış yazıçı və şairləri müraciət edib, eləcə də Gəncəvi irsinin nümunələri dünyanın bir sıra ölkələrində muzeylərdə sərgilənməkdədir.
Yazıçılar Birliyinin sədri Teo Kiriyak çıxışında dünya şərqşünaslığının hər zaman diqqət mərkəzində olmuş mütəfəkkirin çoxsaylı davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu, Nizami yaradıcılığının öyrənilməsinin bütün xalqlar ilə yanaşı, moldovalı ədəbiyyatşünaslar üçün də əhəmiyyətli olduğunu, əsərlərinin dünyanın əksər mədəni xalqlarının dillərinə, habelə rumın dilinə tərcümə edildiyini qeyd edib. T.Kiriyak ölkəmizin Yazıçılar Birliyi, eləcə də səfirliklə sıx əməkdaşlıq etdiyini, Moldovanın ədəbiyyat xadimlərinin iştirakı ilə səfirlik tərəfindən keçirilən tədbirlərin artıq ənənəyə çevrilməsinin və səfirlə görüşlərindən aldığı məlumata əsasən, gələn il səfirliyin önündəki bağçada görkəmli şairlər - M.Füzuli, İ.Nəsimi, M.P.Vaqifin, eləcə də moldovalıların sevimlisi Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin barelyeflərinin quraşdırılmasının nəzərdə tutulmasının sevindirici hallar olduğunu bildirib.
Tədbirdə qonaq qismində iştirak edən Belarus Respublikasının Moldovadakı səfiri Anatoli Kalinin çıxış edərək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin yaradıcılığının nümunələrinin Belarus Milli Kitabxanasında saxlanıldığını, bunun dünya bədii fikir tarixinə önəmli töhfə verən azərbaycanlı mütəfəkkirin irsini araşdırmaq və öyrənmək istəyən Belarus xalqı üçün dəyərli imkan olduğunu bildirib. Eyni zamanda, səfir ölkəmizin Belarus Respublikasına daim dəstək verməsinə görə dərin minnətdarlığını ifadə edib.
Açılış mərasimi Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.