2022-01-20

Moldovada 20 Yanvar faciəsinin 32-ci ildönümü yad edilib

Cari ilin 20 yanvar tarixində ölkəmizin Moldovadakı Səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

 Mərasimə Qanlı Yanvar faciəsinin ildönümünü yad etmək və vətənimizin azadlığı naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Moldovada yaşayan çoxsaylı soydaşlarımız, müxtəlif icma nümayəndələri, moldovalılar toplaşıb.

 Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Səfirliyin önündə faciə qurbanlarının xatirəsinə həsr edilmiş guşə önünə çiçəklər düzülüb.

 Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, faciənin şahidi olmuş azərbaycanlı icmanın üzvləri çıxışlar səsləndirərək, bu qanlı tarixin gənc nəsillər tərəfindən anılmasının vacib olduğunu vurğulayıblar. Natiqlər çıxışlarında Sovet Ordusu hissələrinin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində yüzlərlə dinc əhalinin amansızlıqla qətlə yetirildiyini, bu qırğının xalqın iradəsini sarsıtmadığını, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının fədakarlıqlarının xalqımızın tarixinə yeni parlaq səhifə yazdığını, faciəyə bir neçə il sonra yalnız Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan tarix boyu ağır sınaqlardan keçib, 2020-ci ildə növbəti hərbi təcavüzə məruz qalıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü və xalqın birliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Sonda, 20 yanvarda milli birliyimizin qalib gəldiyi tarixin Zəfər gününə gedən yolun başlanğıcı olduğu vurğulanıb.

 Mərasim Moldovanın kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

 Eyni zamanda, Səfirliyin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qanlı Yanvarda törədilmiş görünməmiş qəddarlığı əks etdirən tarixi foto şəkillər sərgilənib.

 Moldova mətbuatında rumın və rus dillərində səfir Qüdsi Osmanovun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş müsahibəsi, habelə faciəyə dair məqalə və yazılar geniş dərc edilib.

 

   

Arxiv üzrə axtarış