“Şuşa, sən azadsan”
Moldovanın JurnalTV teleradiokanalında “Şuşa, sən azadsan” filmi nümayiş olunub. Tədbir Moldovada Zəfər günü ilə bağlı təşkil olan silsilə tədbirlər çərçivəsində keçirilib.
Tədbirdə Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanov çıxış edib. Səfir 44 günlük müharibədə Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı zəfərindən söz açaraq, Şuşanın işğaldan azad olunmasının azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Şuşanın hər bir azərbaycanlı üçün müqəddəs olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən JurnalTV telekanalının rəhbəri Adrian Buraga rəhbərlik etdiyi kanalın jurnalistlərinin Şuşaya səfərindən söz açaraq, onların Şuşanın ecazkar təbiəti, xalqımızın tarixini əks etdirən memarlıq abidələri, şəhərdə həyata keçirilən miqyaslı tikinti-bərpa işlərindən təəssüratlarından danışıb.
Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov çıxışında filmin Azərbaycan tarixinin, xüsusən Vətən müharibəsinə qızıl hərflər ilə yazılan Şuşa əməliyyatının öyrənilməsində böyük rolundan danışıb.
Sonra tədbir iştirakçılarına film nümayiş olunub.
Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyavadır. “Bakı Media Mərkəzi” və “Səlnaməfilm” studiyasının birgə istehasalı olan film real hadisələr əsasında lentə alınıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.