2023-04-06

Kişinyovda Heydər Əliyevin yubileyinə həsr olunmuş sərgi açılıb

Moldova Tarix Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin təntənəli açılışı keçirilib

Aprelin 6-da Moldova Respublikasının Tarix Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: görkəmli şəxsiyyətin həyat və fəaliyyəti” adlı sərginin təntənəli açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Səfirliyi, Moldova Respublikasının Tarix Muzeyi, Moldova Dövlət Arxivinin təşkilatçılığı, Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyət nümayəndələri, ölkənin aparıcı universitetlərin rektorları, tələbələr, gənclər, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Moldova rəhbərliyinə təşəkkürünü bildirib. Diplomat, həmçinin Azərbaycan ilə Moldova arasında əlaqələrin məhz Heydər Əliyevin dövründə inkişaf etməyə başladığını və bu gün də iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq xarakter daşıdığını söyləyib.

Sərginin təntənəli açılışında Moldovada rəsmi səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak və çıxış edib. O, sərginin Moldova Tarixi Muzeyində keçirilməsini əlamətdar hadisə adlandıraraq, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli liderinin Azərbaycan tarixindəki rolundan danışıb. Nazir müavini Heydər Əliyevin ən çətin dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıtdığını, ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdiyini qeyd edib. “Heydər Əliyevin böyük əməyi, uzaqgörənliyi və onun şəxsiyyətinin nəhəng siyasi miqyası nəticəsində xalqımızın Azərbaycan dövlətçiliyinin müdafiəsi ətrafında səfərbər edilməsi, ölkə daxilində və ətrafında vəziyyətin sabitləşdirilməsi mümkün oldu”, - deyə Xələf Xələfov vurğulayıb. O, həmçinin, bütün bunların qonşu Ermənistan tərəfindən  Azərbaycanın Qarabağ bölgəsini işğalı və ətraf rayonlara qarşı təcavüzün davam etdiyi, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü, ölkə daxilində xaos və siyasi qeyri-sabitliyin hökm sürdüyü şəraitdə baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan əlavə, Xələf Xələfov bildirib ki, Heydər Əliyev ölkədə mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə nail olmaqla Azərbaycanın bugünkü inkişafının əsasını qoyub. “Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır. Həmçinin Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verir”, - deyə nazir müavini qeyd edib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası məsələsinə toxunan Xələf Xələfov, qeyd edib ki, Azərbaycan sülh gündəminə sadiq olaraq, yeni reallıqlar əsasında Ermənistanla münasibətlərin tam normallaşması, sülh sazişinin bağlanması, təhlükəsiz sərhədlərin yaradılması və regionda bütün kommunikasiyaların açılmasının tərəfdarıdır.

O, Azərbaycan ilə Moldova arasında münasibətlərə də toxunaraq, onları tarixi dostluq və hərtərəfli əməkdaşlıq xarakter daşıdığını bildirib. Azərbaycan xarici işlər nazirinin müavini müstəqillik əldə etdikdən sonra hər iki ölkənin sülhə can atdığını və bu kontekstdə qarşılıqlı fəaliyyət göstərdiyini vurğulayıb, hazırkı münasibətlərin qarşılıqlı yüksək etimad və hörmət səviyyədə inkişaf etdiyini qeyd edib.

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Ruslan Bolboçan çıxışında Moldova ilə Azərbaycan arasında bütün sahələrdə sürətlə inkişaf edən və böyük potensiala malik olan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, müstəqil Azərbaycanın yaradılmasında və ölkənin regionun lider dövlətinə çevrilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu və əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə həmçinin Moldova Parlamentinin deputatı, parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən rəhbəri Vitali Jakot çıxış edib. O, Heydər Əliyevin xalqının tarixində dərin iz qoyduğunu qeyd edərək, məhz onun müdrikliyi və biliyi sayəsində Azərbaycanın regionun liderinə, mühüm beynəlxalq layihələrdə iştirak edən etibarlı tərəfdaşa çevrildiyini dilə gətirib.

Sərgidə Moldova Dövlət Arxivinin və Azərbaycan Tarixi Muzeyinin fondlarından Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən arxiv foto və videogörüntüləri təqdim olunub. Həmçinin, Heydər Əliyevin hakimiyyəti dövründə Moldova-Azərbaycan əməkdaşlığı ilə bağlı kadrlar sərgilənib.

Sərgi Moldova Respublikasının Tarix Muzeyində 15 gün ərzində davam edəcəkdir.

Arxiv üzrə axtarış