2023-12-07

Kişinyovda Azərbaycan Mədəniyyəti Günləri qeyd olunub

Dekabrın 6-da Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində səfirliyin önündəki bağçada görkəmli, tanınmış Azərbaycan ifaçısı Müslüm Maqomayevin barelyefinin açılış mərasimi baş tutub.  Açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Moldova Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri, Moldovada Azərbaycan diasporunun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və KİV nümayəndələri iştirak ediblər. Barelyef Azərbaycan və Moldova arasında iqtisadi inkişaf üzrə hökumətlərarası komissiyanın həmsədrləri- Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spınunun və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, eləcə də Moldovanın mədəniyyət naziri Sergiu Prodanın iştirakı ilə açılıb.

Ilk növbədə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Səfir Qüdsi Osmanov qonaqlar qarşısında çıxış edərək qeyd edib ki, görkəmli ifaçı Müslüm Maqomayevin barelyefi Azərbaycan xalqının tarixdə parlaq iz qoymuş digər tanınmış şəxsiyyətlərin barelyefləri ilə yanaşı, səfirliyin önündəki bağçada öz layiqli yerini tutub. “Bu barelyef Moldovada Müslüm Maqomayevin xatirəsini əbədi olaraq yaşadacaq”, - deyə diplomat qeyd edib.O həmçinin, 2023-cü il noyabrın 8-də açılışı olan və Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbəsini simvolizə edən Səfirliyin önündəki bağçanı Kişinyovun ən çox ziyarət edilən yerlərindən birinə çevrildiyini vurğulayıb.

Moldovanın mədəniyyət naziri Serjiu Prodan Kişinyovda tanınmış müğənni və bəstəkar Müslüm Maqomayevin barelyefinin açılışını mühüm mədəniyyət hadisəsi adlandırıb. O, həmçinin ölkələrimizin dostluğunun rəmzi olan Səfirliyin önündəki bağçanı paytaxtın ən gözəl guşələrindən biri olduğunu qeyd edib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirə toplaşanları barelyefin açılışı münasibətilə təbrik edib və qeyd edib ki, Müslüm Maqomayevin mahnıları hələ də çoxlarının qəlbinə toxunur. O, həmçinin vurğulayıb ki, Səfirliyin önündəki bağça hər kəsin Azərbaycanın tarixinə və mədəniyyətinə toxuna biləcək təkrarolunmaz məkandır.

Bundan əlavə, dekabrın 6-da Kişinyovun Orqan zalında Azərbaycan muğam triosu ansamblının konserti baş tutub. Tədbirin rəsmi hissəsində Moldovanın mədəniyyət naziri Serjiu Prodan və Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış ediblər.

Sonra gecənin qonaqları üçün Azərbaycan muğam ifaçılarının təqdimatında Azərbaycan xalq kompozisiyaları səslənib.

Arxiv üzrə axtarış