2021-12-12

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Moldovada ehtiramla yad edilib

Cari ilin 12 dekabr tarixində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar, ölkəmizin Moldovadakı Səfirliyinin qarşısındakı bağçada ucadılmış ulu öndərin büstü önünə gülqoyma mərasimi keçirilib.

Mərasimə qardaş Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin diplomatı, yerli iş adamları və sakinlər, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, çoxsaylı həmvətənlərimiz, Moldovada yaşayan müxtəlif icma nümayəndələri qatılıb.

İlk növbədə, səfir Qüdsi Osmanov çıxış edərək, müasir müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın xilaskarı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Xalqımız üçün ən ağır anlarda Heydər Əliyevin daim xalqın yanında olmasını qeyd edən səfir məhz ulu öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başladığını, dövlətçiliyin əsasları qoyulduğunu, ciddi islahatlar aparıldığını və Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu yer tuta bildiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, inkişafının təməli ulu öndər tərəfindən qoyulmuş Azərbaycan onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev sayəsində regionun aparıcı dövlətinə çevrilib. Q.Osmanov ötən il prezidentimizin uzaqgörən siyasəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində bütün azərbaycanlıların Zəfər sevincini yaşadığını, azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə sürətli və genişmiqyaslı quruculuq və bərpa işlərinin aparıldığını bildirib. Çıxışının sonunda səfir on səkkiz il bundan əvvəl Azərbaycanın dahi liderini itirdiyini kədərlə qeyd edib, habelə bu günün milli birlik günü olduğunu və ulu öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşacağını vurğulayıb.

Mərasimdə Türkiyə Səfirliyinin diplomatı Özlem Okuyucu ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı altında Azərbaycan-Türkiyə qardaşlığının daim yaşayacağını bildirib, ulu öndərin xatirəsini ehtiramla yad edib.

Daha sonra MAK-ın sədri  Elçin Bayramov çıxışında yalnız xalqımız üçün deyil, eləcə də dünyada örnək alınası şəxsiyyət olan Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdiyini, bu gün Səfirliyə toplaşan soydaşlarımızın bu ideologiya sayəsində milli-mənəvi, vətənpərvərlik dəyərlərini yaşadaraq gənc nəsillərə ötürdüyünü qeyd edib.

Sonda MAK-ın nüfuzlu və vətənpərvər üzvü Maarif Rəhimov ulu öndərin xalqımız və ölkəmizin rifahı naminə gördüyü işlərdən danışıb, həmyerlimiz Məhəbbət İsmayılov dahi siyasi xadimə həsr etdiyi şeiri səsləndirib.

Ulu öndərin vəfatının on səkkizinci ildönümünə həsr edilmiş mərasim Heydər Əliyevin Səfirliyin qarşısındakı bağçada ucadılmış büstü önünə qonaqlar tərəfindən gül dəstələri qoyulması ilə yekunlaşıb.

Arxiv üzrə axtarış